Cavan insanlarda koronavirus əsasən yüngül keçir və simptomlara görə adi soyuqdəyməyə bənzəyir.
Bütün dünyada koronavirusdan ölənlərin əksəriyyəti yaşlı insanlardır. Bunun səbəblərindən biri yaşlı insanların immun sisteminin daha zəif işləməsidir. Həmçinin yaşlı insanların bir çoxu müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkir ki, bu da onlarda koronavirusun proqnozunu daha da pisləşdirir.
Digər səbəb yaşlı insanların ağciyərində ACE2 fermentinin çox olmasıdır. Məhz bu fermentin köməyi ilə koronavirus ağciyərin hüceyrələrinə birləşir. Cavan insanların orqanizmində bu ferment azdır.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, koronavirusun öyrənilməsi ilə məşğul olan alimlər bu virusa görə növbəti risk qrupunu aşkar ediblər. Bu piylənmədən əziyyət çəkən insanlardır. Həmçinin alimlər qeyd edirlər ki, burada yaş heç bir rol oynamır. Piylənmədən əziyyət çəkən həm yaşlı, həm də cavan insanlarda koronavirusun fəsadlarının riski normal bədən çəkisi olanlarla müqayisədə xeyli yüksəkdir.
Koronavirusa görə digər risk qrupları bunlardır:
- Ürək-damar xəstəlikləri olanlar
- Hiperoniyadan əziyyət çəkənlər
- Diabetiklər
- Xroniki ağciyər xəstəlikləri (astma, xroniki obstruktiv ağciyər xəstəliyi) olanlar
- Onkoloji xəstələr
Risk qruplarına aid olanlar özünü mümkün qədər qorumalı, çölə çıxmamalı, profilaktik qaydlara ciddi riayət etməlidir (əlləri yumaq, çirkli əllərlə üzə toxunmamaq və s.).